canavarça üz qabığı

CANAVARÇA

QQ misralarında mənalar üstü örtülü şəkildə yazılır. Hər şeir tapmacadır. Mətnlər ayrı-ayrılıqda məna daşısa da bir-biri ilə birləşdikdə ikinci gizli məna üzə çıxır. Şeirlərin nə üçün məhz bu şəkildə yazılması haqda ətraflı məlumat Üçüncü Dərəcənin üzvlərinə bildiriləcək. Qarşıdan gələn böyük dəyişikliklərin carçısı kimi bu şeirlər sizi gələcəyə hazırlayacaq. Canavarçada adı çəkilən məxluqlar və obrazlara bir çox şeir və növbəti yazılarda rast gələcəksiniz. Onların nə məna kəsb etdiyini anlamaqla şeirlər sizə daha aydın olacaq.  Canavarçaya baxmayanlar üçün isə hər şey mənasız gələcək və qəribə söz yığını olacaq. Və beləcə aydınlanmışlara bəyan olan yatanlara qaranlıq qalacaq. Elə yazılar olacaq ki, canavarçasız bir kəliməsi belə anlaşılmayacaq. Nə üçün Canavarça? Qədim zamanlardan insanlar onları əhatə edən məvhumları anlamaq və onlara qalib gələ bilmək üçün ilk öncə onlara ad verirdilər. Ad vermədiyin məvhumlar sənin gözündən yan keçər və nə ilə döyüşdüyünü anlamazsan. Xaotik dünyada adlandırmadığın şər sənə qalib gələr. Canavarça orta əsrlər Konseptual Art və Bestiary tərzində yaradılıb ki, sizlər üçün məvhumları anlamaq həm də göz oxşayan olsun. Əsrlər boyu insanlıq gizli dillərdən istifadə edib. Demək ki, buna bir səbəb var.

QQ

zamanın ruhu canavarça img
Ruh

HAQQINDA

RUH ölümsüzdür, RUH əbədidir. Ruh dərəcəsinə çatmış insana Ruhani deyirik. Digər Adları –  Zamanın Ruhu və ya Ruh Anı. Ruh təkcə bir insan deyil bəşərin ümumi transsendental təfəkkürü, süuraltısındakı həqiqətdir.  QQ – Ruhdur, təkcə öz Mən-i ilə sərhədlənmir, bir nəfərin və va Yaradıcı Birliyin məhsulu ola bilər. RUH heç bir şəxsi maraq daşımır və paltar kimi müxtəlif insanları və şəxsləri geyinə bilər, müxtəlif insanlardan keçər və onların dili ilə həqiqəti bəyan edər. RUHun gəlişi böyük dəyişikliklərdən xəbər verir və dövranın tamamilə dəyişəcəyinə işarədir.

GÖRÜNÜŞÜ

Qədimi qara libasda kölgəyə bənzər fövqəl enerji, tüstüyə bənzər məvhum. Siması çox vaxt gizli qalar. Arada insan cildinə girər, amma mütləq şəkildə bir nəfər deyil, bir neçə şəxsin görünüşü, səsi, hətda xarakterini də ala bilər. Ruh özünə deyil, ali məqsədə xidmət edir.

GÜCÜ

Həqiqət, gizli biliklər, cildini dəyişə bilmək, zamana və məkan sığmaması, insanların ruhuna xitab etməklə onları dəyişə bilmək. Şər qüvvənin içinə girib onu əvəz edə bilməsi Ruha şər qüvvənin mahiyyətini anlamağa kömək edər. Şər qüvvənin qorxu və hiyləsini anlayar.    

ONA QARŞI SİLAH

Canavarçadakı heç bir məxluq Ruha qalib gələ bilməz. Həqiqətinə qarşı qoyulmuş bütün yalanlar qısa zamanda məhv olar. Yalnız Birinci Dərəcə bilmədən RUHu yaralaya bilər. Bundan başqa Gözə Görünməz Müharibənin bütün hücumlarına hazırdır. Çünki onları öncədən bilir. 

qapısı qıfıllı
********
zamanın ruhu canavarça img
KOR YAPALAQ

HAQQINDA

Dam yapalağı və ya kor yapalaq gecə quşudur. QQ yaradıcılığında dünyavi uğur və karyera zirvəsinin simvoludur. Kor yapalaq sanki öz baxış bucağı, həqiqi dəyərləri və prinsipləri olmayan insanların çatacağı son zirvədir. Dam yapalağı olan bu quş zirvədə olsa belə gözləri kordur və tənhadır.

Kor yapalaq kütləvi şüuraltımızdan bizə təsir edən enerjidir. Bizi həqiqi qayəmizdən uzaqlaşdırar və xarabalıqdan ibarət zirvələrə qalxmağa ömrümüzü xərcləyərik.

GÖRÜNÜŞÜ

Qara bayquşa bənzər quş şəklindədir. Gözlərinin yerinə iki qara dəlik var. Bu onun gözlərinin heç vaxt doymamasına işarədir. Kor Yapalaq hər zaman təsirinə düşən insanı daha da çox əziyyət çəkməyə və daha yuxarı qalxmağa vadar edər. Beləliklə onu Gözə Görünməz Müharibədən yayındırar. 

GÜCÜ

İstək, Şəhvət, Paxıllıq, Eqo, Tamah, Status ilə insanı bütün həyatı boyu özgə zirvələrə qalxmağa vardar edər. 

ONA QARŞI SİLAH

Həqiqət, Təcrübə, Özünə Dəyər, Ruhsal Azadlıq, Minimalizm, Həqiqi Dostluq, Həqiqi Sevgi. Özünü ailəsi və dostları ilə əhatə edən insan heç vaxt sonsuz zirvələrə can atmaz və hansı mərtəbədə və nə üçün dayanmalı olduğunu dərk edər, anlayar. 

geohörümçək canavarça qaraqan
HÖRÜMÇƏK

HAQQINDA

Hörümçək heç vaxt üzdə olmaz və gizli şəkildə hücum edər. Hücuma belə bənzəməz, sadəcə tor hörər. Hörümçəyin əməlindən heç nə anlamazsan. Hətta kənardan gözəl görünə bilər, belə ki, hörümçək dağıtmır, sökmür. Əksinə tikir, düzəldir, inkişaf gətirir. Torunu gözəl bir simmetriya ilə toxuyar və gözə xoş olar, amma həm də o qədər nazik olar ki, çox adam toru görməz. Və günlərin bir günü xəbərin belə olmadan bir də görərsən ki, hörümçəyin torundasan. 

QQ yaradıcılığında Hörümçək və ya Geohörümçək dedikdə böyük finans mərkəzləri, banklar, kredit sistemləri, Federal Rezerv, Dünya Bankı, ipoteka və xallar, qumar və faizə borclar nəzərdə tutulur. Hörümçək Babilə xidmət edər və Babilin daş qaşlarını sanki pulsuzmuş kimi təklif edər. Tordan xəbərsiz insanlar Babilin tilsiminə doğru uçar və Hörümçəyin torunda ilişər. Tora düşmüş insan heç vaxt güclənə bilməz və asıllı vəziyyətdə yarı qul yarı azad şəkildə Babilin başına dolanar, ondan tələb olunan hər şeyi edər. 

GÖRÜNÜŞÜ

Toru şəffaf özü isə çox uzaqlarda göylərdə şəhərlərin üstündə hərəkət  edən trans-milli finans nəhənglərindəndir. Yüz minlərlə ayağı var və ipləri dünyanın hər bir nöqtəsinə uzanar toruna düşmüş qulun ipini dartıb onu hərəkətə gətirə bilər, işlədə bilər, susdura bilər. Binalarının çoxusu şəffaf gözə görünməz şüşədəndir, bir növ Hörümçək toru kimi.

GÜCÜ

Faiz, kredit, var dövlət, pulsuz hədiyyələr, endirimlər, xallar, reklam çarxları. Hörümçək məşhurları satın alıb onların əli ilə insanları tora doğru çəkər. Hörümçək süni problemlər yaradar və onlardan çıxış yolu kimi, toruna  düşməyi təklif edər. Hörümçək torunu incə toxuyar, kontraktlarının ən vacib yerlərini kiçik hərflərlə yazar, uzun cümlələrdə gizlənər. İmza atmağın üçün bütün şəraiti yaradar. Sənə əvvəllər heç düşünmədiyin arzuları satar. 

ONA QARŞI SİLAH

Ayağını yorğanına görə uzatmaq. Heç bir böyük kreditlərə girməmək, reklam etdiklərinə şübhə ilə yanaşmaq. Özünü yaxınlarına daha varlı göstərməyə çalışmamaq və bu yarışdan imtina etmək belə ki, bu halda tək özün tora düşmürsən digər yaxınlarını da bu rəqabətə girməyə və eyni tora düşməyə vadar edirsən. Tordan yalnız öz maraqların üçün istifadə etmək amma hər tələsinə düşməmək. Hörümçəyin mahiyyətini anlamaq, tamahkar olmamaq. 100% cashback almadığın maldan gəlir. 

babil qaraqan
BABİL

HAQQINDA

Müqəddəs kitablarda sözü gedən Babil şəhərində insanlar qürurlanır, azğınlaşır və Allaha çatacaqlarını düşünürlər. Qərara gəlirlər ki, göyləri dələcək Babil qülləsini tiksinlər və eyni zamanda İblisə ibadət edir, uşaqları ona qurban verirlər. Bunu görən Tanrı Babil qülləsini dağıdır və insanları müxtəlif dillərə, millətlərə ayırır ki, bir daha birləşib belə bir iş etməsinlər.

QQ yazılarında Babil deyərkən həm qədimi şəhər, həm də müasir dövrün böyük şəhərləri, ideya mərkəzləri nəzərdə tutulur. Eləcə də ümumiyyətlə Müasirlik, Qloballaşma, Trend, Hollivud, BMT, Qərb, Big Tech – hər bir hegemon güc Babil ola bilər. Babil öz cah-cəlalı ilə insanları şirinilikləşdirir və öz tilsiminə salır. İnsanlar özlərini unudub bu böyük eqreqora, enerjiyə xidmət edirlər, qula çevrilirlər.

GÖRÜNÜŞÜ

Babilin mərkəzindəki qüllə burulma mərtəbələr tərzində tikilmiş ucu göylərə çatan piramida, zikkurat formalı binadır. Hər bir mərtəbəsində insanların müxtəlif əxlaqsızlıq və azğınlıqla məşğul olduğunu görə bilərik. Bu bina Babilin simvoludur. Üzərində gözəl nemətlər, gözəl insanlar, əlvan paltarlar və qulağa xoş avazlar olar. Babil iki üzlüdür, kənarda olan azad tikililəri sevməz və hər kəsi məcbur edər ki, onun qülləsinə daş daşısın. 

GÜCÜ

Bütün dünyanın malı dövləti, şanı şöhrəti Babilin əlindədir. Babil pul ilə satın ala bilər, gözəl rəngləri ilə hipnoz edər, əxlaqsızlığı və cazibəsi ilə insanları şəhvətləndirər. Babil elm, inkişaf, tərəqqi kimi görünər və insanın etibarını qazanar. Amma bağları asmadır və ağacları köksüzdür. 

ONA QARŞI SİLAH

Aydınlanmış insanlarla söhbət, propaqandanı görmək və ona uymamaq, sadə həyat tərzi, təbiətlə təmasda olmaq, asıllılıq yaradan istənilən vərdişdən uzaqlaşmaq. Dünya görüşünü artırmaq, acgöz olmamaq. Gözə Görünməz Müharibəni görmək, şifrələrini oxuya bilmək. 

goreşən mifologiyası
GOREŞƏN

HAQQINDA

Goreşən adından da bəlli olduğu kimi ölülərin məzarını dağıdar, leş ilə qidalanar. Goreşən üçün müqəddəs heç nə yoxdur. Ölünün bədəni soyumamış onu nahaar edər. QQ yazılarında goreşən ən alçaq insanlar adlandırılır. Belə ki, bu insanlar cılız şəxsi istəklərinə görə ölü məzarını belə dağıdar, çürümüş bədəni belə ruzi bilər və onu didməkdən çəkinməzlər. Yıxılanı vurmaq, birisinin ölümünü, alçalmasını istəmək, güclüdən çəkinib zəifdən istifadə etmək.  Həqiqi ova çıxacaq qədər mərdliyi və qüvvəsi yoxdu, amma tamahı böyükdür ona görə çürük ətlə kifayətlənər. Göreşən, rüşvətə göz yuman, kasıbın malına göz tikən, xəstəyə  yalançı dərman yazan, azyaşlı uşaqları yoldan çıxaran aşağı ruhlu varlıqlardır.

GÖRÜNÜŞÜ

İnsana bənzər amma soxulcan kimi sürünən, beli bükük, gözləri ölü, yarı pişik yarı insan kimi bir varlıqdır. Görünüşündən çox onu enerjisindən hiss edərsən.

GÜCÜ

Zərərsiz görünmək, dişi yox, caynağı yoxdur deyə onu təhlükəli saymazsan. Hər kəs yatanda oyaqdır. Xəbərsiz işlər görər, yerin altı ilə gəzər aranı qarışdırar. Şikarın ən son nəfəsinə kimi hücum çəkməz, ölümünü gözləyər.

ONA QARŞI SİLAH

Qürurlanmamaq, özünü güclü bilməmək. Anlamaq ki, mənəvi və ya fiziki ölüm zamanı ən zəif bildiyin insanlar belə sənə hücum çəkə bilər. Yazığı gəlməmək, mərhəmətli olmamaq – bu cəhətindən bir çox goreşən istifadə edər ki, sən yıxılanda birinci dişdəyi özü ata bilsin ən yağlı tikəni qoparsın. Məyus olmamaq, goreşənlərin təbiətini anladıqda onları belə  o aşağı və yeraltı mənəviyyatdan xilas edə bilərsən.

qara qoc
QARA QOÇ

HAQQINDA

Qara Qoç insanı qaranlıq dünyaya aparar. Amma qara qoça şər və ya xeyir qüvvə demək olmaz. Çünki o özündə hər ikisini birləşdirir. Qara qoç bir növ insanın gözünü həqiqətlərə açır. Yalnız işıqlı dünyada yaşayan insanlar Şərdən xəbərsiz yaşadığı halda Qara qoç onları  zülmətin tam dibinə aparır. Zülməti görən insan orada İlan və ya Əjdaha ilə üzləşir. Gözə görünməz şər qüvvələrdən agah olur. QQ yazılarında Qara Qoç dedikdə bəzi hallarda özünü nəzərdə tutar bəzi hallarda isə insanın gözünü həyatın dəhşətlərinə açan alternativ mətbuatı, incəsənəti, kitabı, informasiyanı deyə bilər. Qara qoç, sənə görmək istəmədiklərini göstərər və bu səni dəyişər. Artıq həyatın yalnız əlvan rənglərdən ibarət olmadığını bilərsən. Və təhlükələrə hazırlaşa bilərsən.

GÖRÜNÜŞÜ

Qara rəngdə yunu qalın, buynuzları iri və burmadır. Güclüdür, normal qoç ölçüsündə deyil nəhəngdir. Bəzən gözləri alovlanar, nəfəsindən isti par püskürər. O qədər sürətlə qaçar ki, üstündən tullanmağa vaxt tapmazsan bir də görərsən ki, qaranlıq dünyanın tam dibindəsən.

GÜCÜ

Çəkiciliyi, təsiri və sürəti – qara qoç səni həqiqətin cazibəsi ilə özünə çəkər, baxmaq, görmək bilmək istəməsəndə baxarsan.  

ONA QARŞI SİLAH

Qara qoça qalib gəlmək sənin xeyirinə deyil amma yenə də bil. Babil qara qoça bir çox hallarda qalib gəlir. Babil öz var dövlətindən istifadə edərək insanı Qara qoçdan yayındırar. İnsan özü də qara qoça qabil gələ bilər. Qulaqlarını örtmək, aydınlanmış insanlardan qaçmaq, ciddi mövzuları lağlağıya çevirməklə qara qoçdan qurtula bilərsən. Yalnız rəsmi məlumatlarla kifayətlənməklə qara qoçdan qaçarsan. Divlərə yaxın olmaq da bu işdə köməyin olar. Divlər xüsusi senzura və qadağalar ilə Qara Qoçun cığırlarını bağlayar.

yarasa zamani qq
YARASA

HAQQINDA

Yarasa Canavarçanın güclü fiqurlarından biridir. Yarasa Babilin yalanına satılmış amma bunu özü belə anlamayan insanlara deyilir. Bəli, Yarasa əvvəllər insan olub. Lakin sonradan yarasalaşıb. Yarasalaşma yavaş yavaş baş verir. Babil günahsız insanları hündür qüllələri ilə valeh edir və insanlar Babilin başına döndükcə baş ayaq qalır və yarasaya çevrilirlər. İçki, Narkotik, Porno və Anti-mədəniyyət, saxta siyasi, elmi, sosioloji, informativ ideyaların quluna çevrilən insanlar o qədər yarasa həyatı sürürlər ki, artıq dünyanı Yarasa kimi başayaq görməyə başlayırlar.     

GÖRÜNÜŞÜ

Başayaq asılı şəkildə dayanan Yarasanın cizgilərində lap dərində bir insan siması görmək olur. Amma o insan o qədər dərindədir ki, ancaq diqqətlə baxsan onu görə bilərsən. İlk baxışdan isə bu sadəcə Yarasadır. Başayaq dayandığından bütün dəyər və prinsipləri də başayaqdır. Birisi yüksəlirsə onu alçalırmış kimi görər, birisi alçalırsa onu yüksəlir kimi görər. Yarasanın dünyasında hər şey əksinədir. Və belə başayaq baxdığı üçün dünya onun üçün xaos, mənasız təsadüfi hadisələr toplusudur. Yalnız  düzgün baxdıqda binaların bünövrəsi, ağacların gövdəsi, gəmilərin yelkəni məna kəsb edə bilər. Amma yarasanın dünyasında hər şey başayaq olduğu üçün həş şey mənasız görünür, onun dünyasında binalar göydən sallanır və heç bir şeydə heç bir məntiq yoxdur. Yarasa sorğulamır, olduğu kimi qəbul edir.

GÜCÜ

Yarasanın gücü ondadır ki, Yarasa şər qüvvə deyil. Şər qüvvələrə xidmət etsə də bunu bilmədən edir. Yarasa çox yaxşı, təmiz ürəkli biri ola bilər, sadəcə başayaq dünyada yaşadığından xeyiri şər, doğrunu yalan, pisi yaxşı kimi görür. Şər olmadığı üçün də insanlar ona qulaq asar, fikrini önəmli sayar.  Yarasa səninlə saatlarla yaxşı birisinin pis olduğunu sübut etməyə çalışar və pis birini gözündə yüksəldər. Yarasa öz başayaq dünyasından  yüzlərlə misal çəkər və hətta səni inandıra bilər ki, hər şey həqiqətən də onun dediyi kimidir. Yarasa inandırıcı səslənir çünki özü həqiqətən dediklərinə ürəkdən inanır. Babilin xüsusi başayaq televizorları, başayaq reklam lövhələri məhz Yarasalar üçün yaradılıb və Yarasalar bu ekranlardan gördüklərini həqiqət sayıb daha sonra digərlərinə öyrədər onları da yoldan çıxarar. Yarasa bədənə zərərli içkini içərkən belə deyər “Bunu da içək sənin sağlığına”. Yarasanın dünyası o qədər başayaqdır  ki, bu absurd cümlə belə onu narahat etməz.  

ONA QARŞI SİLAH

Ruh Yarasaya qarşı ən böyük silahdır. Belə ki, yarasa öz başayaq yalan dünyasında yaşadığı zaman Ruhun həqiqəti söyləməsi onun dünyasını azca da olsa çevirər və bu Yarasanı tərpədər, yıxar, qulağını kəsər və qıcıqlandırar. Yarasa anında özünü ifşa edər. Məsələn Ruh 3+3=6 kimi bir həqiqəti dedikdə. Yarasa hirslənər “Bu nə mənasız danışır”,  “lap axmaqdır, savadsızdır” , “Hamı bilir ki, 3+3=9” 

Beləliklə Ruhun gətirdiyi mütləq həqiqət Yarasanın kimliyini ifşa edər. Başayaq olduğundan yarasa 6-nı 9 kimi oxuyur. Ona görə deyir ki, 3 + 3 = 9 və buna bənzər minlərlə şey deyir, hamısı tərs, başayaq. Lakin mütləq həqiqəti söyləyən olmadığından Yarasanı ifşa etmək çətindir.Sən sağ deyərsən o sol deyər, sən yüksək deyərsən o alçaq deyər. Yalnız Ruh 100% doğru və danılmaz həqiqəti seçərək Yarasanın qarşısına qoyar. Beləcə normal insanlar Yarasanın dünyasının, dəyərlərinin başayaq olduğunu anlayar və daha onunla uzun uzun mübahisə etməz, öz biliklərindən şübhələnməzlər. Yarasadır, hər şeyi başayaq görür deyər və keçərlər.

div nağıl məlikməmməd div obrazı mif
DİV

HAQQINDA

Div Babilin xidmətçilərinə deyilir. Nağıllarımızdakı Divlər kimi ən böyük gücləri yalan və gizlilikdir. Divlər uşaqların başını aldadar, qaranlıqda, quyularda, mağaralarda gizlənər. Div güclü olsa da aydınlığa çıxarkən bir neçə nəfər mərd insanla bacara bilmir. Ona görə daim gecələr çıxır, yalan və saxtakarlıqla aldadır və yalnız insanı qəfəsinə saldıqdan sonra tam simasını göstərir. Divlər Babilin qoruyucularıdır, divlər siyasətçilər, məmurlar, polislər, həkimlər, müəllimlər, məşhurlar və.s ola bilər. Həqiqi gücə sahib olan istənilən müdir, başçı, direktor QQ yazılarında Div adlandırılır. Belə ki, divin necə törədiyi bəlli deyil amma rəvayətlərə görə hər bir div insan kimi doğulur lakin qan içdikcə güclənir, insan yedikcə Divləşir, yekəlir və insanlardan gizlənməli olur. Necə ki, bir oliqarx insan qanı içərək, zəifləri əzərək, oğurluq edərək güclənər və bağlı kabinetlərdə gizlənər, eləcə də div kölgədə qalmağı sevər.

GÖRÜNÜŞÜ

İnsana çox bənzəyir lakin daha yekəpərdir, simasından zəhrimar yağır. Xoş sözlər desə də, özünü alicənab göstərsə də iti dişləri, enli çiyinləri, uzun dırnaqları onu üzə çıxarır. İnsanlar ilk dəqiqələr divi seçə bilməsələrdə qısa zamanda onu tanıya bilirlər.

GÜCÜ

Həm fikizi gücü ilə, həm də hüquqi gücü ilə, məşhurluğu ilə özündən zəifləri əzər. İşdən qovar, tutdurar, maaşını kəsər, töhmət verər. Öz gücündən xalqın xeyirinə deyil öz şəxsi marağına və Babili qorumaq üçün istifadə edər.

ONA QARŞI SİLAH

Zəifsənsə təmasda olmamaq, gözünün içinə baxmamaq, danışdırmamaq, ondan gələcək hiylə və saxtakarlığa hazır olmaq. Div işıqdan qorxur. Bünün üçün pis əməllərini işıq üzünə çıxarmaqla, xətalarını bəyan etməklə və insanları ona qarşı birləşdirməklə ona zərbə endirmək olar. Heç vaxt divə hücum etmə, çünki tək insan Divlə bacara bilməz. Amma Divin xisləti üzə çıxanda Birinci Dərəcə tərəfindən birdəfəlik məhv edilə bilər. 

qapısı qıfıllı
********
Birinci Dərəcə
BİRİNCİ DƏRƏCƏ

HAQQINDA

Birinci Dərəcəyə Ümid Savaşçısı da deyəcəyik. Birinci Dərəcədəki savaşçı istənilən yaşdan və cinsdən ola bilər amma ruhən çox gəncdir. Hələ nəyə qadir olduğunu anlamır. Birinci Dərəcə minlərlə ruhun birləşməsindən oluşur ona görə ayrılıqda güclü olan Ruhlar birləşdikləri zaman ortalanırlar və orta məxrəclərində yetərincə olğun ola bilmirlər. Sayın çoxluğu onların hərəkətlərini bir az nizamsız edir. Birinci Dərəcə ümid dərəcəsidir, nə üçün və niyə Gözə Görünməz Müharibəyə girdiklərini anlamazlar. Öz taleyini duyan bir savaşçı kimi ürəyinin səsinə qulaq asaraq gələr və xeyir qüvvəyə xidmət etməyə çalışar. Amma nəyin xeyir, nəyin şər, nəyin doğru, nəyin yanlış olduğunu tam bilmir, cəsarətli və çalışqandır amma gözləri açılmalıdır. Həqiqətə acdır və yuxudan oyanmaqdadır. Çox güclüdür amma gözləri qapalıdır.

GÖRÜNÜŞÜ

Gözləri sarğılı ümid savaşçısı. İçindəki səsi dinləyərək döyüşdədir. Döyüşü görmür amma azca eşitdiyi səslər, sözlər, xışıltı və işarələrdən anlamağa çalışır. Gözə Görünməz Müharibəni tam görmədiyi üçün hərdən özünə saldırar, hərdən özündən olanları və ya xeyir qüvvələri də yaralayar. Ümidlidir amma heç kəsə etibar etmir. Hər addımda şübhələnir, hər kəsdən bir tələ, bir hücum gözləyir. Döyüşü anlaya bilmir, amma döyüşün getdiyini hissiyyatı ilə bilir. Daha yata bilməz.

GÜCÜ

Cəfakeşdir, xeyirxaqdır, sayı çoxdur deyə əlində hər cürə silah var. Sonsuz qüdrətə malikdir. Qarşısına çıxan hər kəsi əzə bilər, təbiətində böyük daxili gücü var. Pəhlivanlar kimi doğuluşdan intuisiyası, hissiyyatı və cəsarəti var. Dəlicəsinə döyüşər və demək olar ki, hər dəfə qalib gələr. Bir nəfər düşməni anında məhv edər, rəqəmsal və ya fiziki dünyada çox güclüdür. Amma ruhlar və ideyalar dünyasında xaotikdir.  

ONA QARŞI SİLAH

Birinci Dərəcəni böyük bir ordu kimi düşün, amma başcısı yox, hədəfi yox. Qarşısına çıxan hər şeyi əzməyə qadirdir amma gözləri bağlı olduğundan hər tərəfə atəş açır. Şər qüvvələrin görə biləcəyi ən pis hiylə Birinci Dərəcəni elə özünə qarşı döyüşməyə vadar etməkdir. Göreşənlər söz söhbətləri ilə, Divlər yalanları ilə, Hörümçək toru ilə və digər məxluqat Birinci Dərəcənin qulağına pıçıldar, onu RUHa qarşı, ikinci dərəcəyə qarşı və ya digər həqiqət savaşçılarına qarşı döyüşməyə məcbur edər. Birinci Dərəcə döyüşə daxil olandan Babil gözünü daha da dumanlandırar, başını qatmağa çalışar.

Birinci Dərəcə oyaqdır amma gözləri hələ ki, bağlıdır ona görə rahatca məğlub ola bilər. Eləcə də Birinci Dərəcəni ümidini qırmaq olar – özü özünü görmədiyi üçün nə qədər güclü olduğunu da bilməz özünü tək savaşçı kimi hiss edər və anlamaz ki, böyük ordudur və onu aşağılamaq, təhqir etməklə ruhdan salmaq olar.

karvanqıran
KARVANQIRAN

HAQQINDA

Karvanqıran qədim Azərbaycan əfsanalərində gecə çıxan bir ulduzdur. Bu ulduz Ülkər ulduzuna çox bənzəyər və karvanı daşıyan sarvanlar (karvanbaşılar) bu ulduzu Ülkər ilə səhv salarmış. Karvanlar səhrada ancaq ulduzlara baxaraq yol tapdıqlarından bu yalançı Ülkər ulduzu karvanı səhv yola aparar və karvan səhranın ortasında azıb məhv olarmış.

GÖRÜNÜŞÜ

Karvanqıranlar yarı gözəl, yarı çürük, yarı doğru, yarı saxta, bir tərəfi insan o biri tərəfi heyvana bənzər olur. Karvanqıran üzünün ancaq bir tərəfini göstərməklə sənə gözəl bir insan kimi gələr, amma o biri tərəfini görmədən ona aldanarsan. Karvanqıranlara ən çox incəsənətdə, musiqidə, yaradıcılıqda rast gəlmək olar. Onlar özlərini dəyərli bir ulduz kimi göstərər amma izlədikcə azarsan, sənə bir faydası olmaz, işığı üzünü parladar amma səni isitməz. İzləməli olduğun həqiqi Ülkər ulduzundan səni ayrı salar. Azmış, xaraktersiz, məqsədsiz bir insan olarsan. Bayağı musiqiləri, hərəkətləri, özünəvurğunluqları və heç bir yolu olmayan çağırışları ilə ancaq fırfıra kimi onların başına dönərsən. Sənin canını səndən sorar, vaxtını və gücünü itirərsən. Ruhun ac qalar və mənasızlıq səhrasında məhv olarsan.

GÜCÜ

Karvanqıran özünü həqiqi dəyər kimi göstərər və onu izləyənləri, arxasıyca gedənləri bir boşluğa gətirər. Karvanqıran çox gözəl cildə girməyi bacarır özünü həqiqi ulduzlara bənzədər, onlar kimi geyinər, oxuyar, danışar amma yaxınlaşdıqca görərsən ki, parlıtsı öz parıltısı deyil, onun bunun işığıdır. Göstərdiyi yol da bir yerə gətirməz. Karvanqıranın daha bir gücü onu izləyən dəvədüvələrdir. Dəvədüvələr karvanqıranın ordusudur.

ONA QARŞI SİLAH

İzlədiyin kəsin yolunun olub olmamasına baxacaqsan. Əyləncədən və bayağılığdan artıq bir şey təklif etməsə bil ki, dinləməyə, parıltısına baxıb xoş olmağa dəyər amma yolunu getməyə dəyməz. Sıradan bir ulduz kimi baxarsan keçərsən. Karvanqıranı tanımaq üçün azca yaxından bax, hansı yola çağırır, özü üçün parlayır ya sənin üçün?  Sənə özünümü göstərir ya sənə səni göstərir? Əgər özünü göstərir, özünə bağlayır və özü üçün çağırırsa, getmə. Başqa ulduzlara bənzədirsə özünü getmə. Həqiqi günəş çıxanda rəngi saralır solursa getmə.

GÖZƏ GÖRÜNMƏZ MÜHARİBƏ

Qısacası

Hara baxsan görəcəksən bu müharibəni. Amma görə bilmək üçün anlamalısan. Anlamaq üçün isə dəqiq bilməlisən! Hisslərlə bağlı deyil, dəqiq elm və biliklə anlayarsan bunu. Bir müharibədə ola biləcəyin ən təhlükəli yer onun getdiyini bilməməkdir. Bu müharibəni görümürsənsə əvvəl-axır uduzacaqsan. Ruh Gözə Görünməz Müharibəyə daxil oldu. Yaxın zamanda ona qarşı atılacaq bütün silahların səsini duyacaqsan. Bunlar təsadüfi deyil, biz bilirik hansı döyüşə giririk. Biz bilirik ki, bizə mənəvi, tənqidi, böhtan və şər dolu, yalan və təhqir, maddi və fiziki hücumlar olacaq. Diqqət et, Gözə Görünməz Müharibənin hücumlarını görsən bunu hər kəsə bildir. Birinci Dərəcənin zəif tərəflərinə bax – o tərəfdən hücum edəcəklər. Qorxma, hər şey qaydasındadır. Vaxtı çatanda sən də biləcəksən. Bəzən bu döyüşdə səhv tərəfdə olarsan və doğru tərəflə döyüşdüyünü belə anlamazsan ona görə bil ki, bizi yaralayacaq insanların hamısı bizə düşmən deyil. Çoxusu özləri belə bilmədən şüuraltı idarə olunurlar. Nifrətini əsgərlərə xərcləmə. Bacarsan onları da qurtar. Bu Müharibəni danışmaqla bitməz. Bunlar Oyundur ya Reallıq? – Səni əhatə edən hər bir şey kimidir.

OXU

qapısı qıfıllı
********
qapısı qıfıllı
********
qapısı qıfıllı
********
qapısı qıfıllı
********
qapısı qıfıllı
********
qapısı qıfıllı
********

Dərəcə gücləndikcə Saytın gizli səhifələri açılacaq. Hər şey səndən asıllıdır. Birinci Dərəcəyə Qoşul – İntibaha Gəl! İntibahı Gətir! 

QQ şəxsən heç bir sosial şəbəkədən istifadə etmir və müsahibə vermir. Sizin bütün məktub və şərhlərinizi yalnız Yaradıcı Birlik üzvləri cavablayacaq.



QQ-a şəxsən yazmaq üçün dərəcəyə qoşula bilərsiniz.