QARAQAN

Söz

29.09.23

Ruhun ölümdən oyanışı. Səsin-küyün, gözə asılan pərdələrin bol olduğu saxta zamanda həqiqətin və sözün dirçəlişi – qarşıdan gələn böyük bir təhlükəyə işarə. Bu qayıdış ayrılığa səbəb olacaq həqiqi şəxiyyətləri boz kütlədən ayıracaq.

Toz altındakı dastan, Qara Qoç [1] tullar səyahətə səni      

Yerin dibindən xırıldar vulkan, çatıbsa vaxt hərarətə zəmin

Soyuq torpaqdan, fışqırır qan, goreşənlər [2] dəhşətə gəlir      

Qaya üstündə rəqs hərəkətə gəlir, elə bil canlanır Qobustan [3]

Qövmü insan pozanda nizamı, çağırır şeytanı meydan

Bu nə ağır addım, de bu hansı heyvan, ki titrəyir aslan, addımından orman

Qaranlığa baxıb hürür itlər, cırıldayır qapalı kilidlər

Silkələnib yerə düşür bütlər [4] Elə bil Ərəbistana gəlir İslam

Şirin yuxsunda [5] Pompey xəbəri yox qopur divarlarındakı freska [6]

Qaynatdığım dramın Mişleni [7] beş star, yeni nəsil qalıb başsız?  Ned Stark [8]

Məndən sizə miras İşıq və Qısa Qapanmadırsa, Məni çağır Tesla [9] Məni çağır Meyster

Bilmir hansı tərəfə axsın donur Main Stream [10] Çünki görür indi püskürəcək qeyzer [11]

***

Hamı geriyə – diqqət diqqət

Hamı girsin evinə

Fövqəladə hadisə – təhlükə təhlükə

Təbbi fəlakət təhlükə təhlükə

***

Gətirdiyim sülh deyil ayrılıqdı, ayırıram atanı oğuldan əti sümükdən        

Necə duz ayırır tikanı irindən, ayırıram Arazı Kürdən [12]

Qulaqları pas, avazı küydən, necə Dulusçu yarır kasanı küpdən [13]

Ayırıram buğdanı düyüdən [14] çürümüş balığı kürüdən [15]

Şəxsiyyəti sürüdən

Qoca Babil gözünüzə asar bağlar [16] Amma torpağı cadar bağlar

Basdırılan haqqa çatar bağırar, kökü gilli qamışın [17] Bax içimə içim Yanar dağlar

Hamı dam eşqinə düşə qalxa ki başının üstü kor yapalaqlar [18]

Ey qalibi bir divin lovğalanmağa yox vaxt burda qırxmış otaqlar [19]

Necə xoş xoş köməklə ağıl [20] dolmaz ağa hoş hoş deməklə

Ona görə sənə dərmanı verəcəm yeməklə, gör necə sirrlərim xəzinələnir [21]

Kökünə kimi kəsilmiş ölü palıdın yeni budağı şəcərələnir [22]

Örtün qapıları pəncərələri, İri pəncəli gəlir, hanı həncəri [23] gəlir

[1] QARA QOÇ

Qara Qoç Azərbaycan şifahi xalq ədəbiyyatında Məlikməmməd Nağlında rast gəlinir. Ağ qoç  işıqlı dünyaya aparan, Qara qoç isə qaranlıq dünyaya aparan mifoloji məxluqdur. Qoçlar xeyir ilə şəri, həyat ilə ölümü, bu dünya ilə astral dünyanı simvolizə edir. 

ag qoc qara qc 1 300x150 1

 

Misal  –

Quyuda Məlikməmməd bikef oturmuşdu. Bir də gördü ki, qız deyən ağ qoçla qara qoç budu, döyüşə-döyüşə gəlir. Məlikməmməd о saat sıçrayıb ağ qoçun belinə mindi. Amma ağ qoç onu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı.

Soz altındakı dastan – Qara qoç tullar səyahətə səni

Şeirin bu bəndindən iki hissəni vurğulamaq olar.

Birinci – ‘Söz’ ilə başlaması simvolik xarakter daşıyır. Çünki İncilin ilk sətri də belə başlayır – Başlanğıcda Söz var idi, Söz Allahla idi və Söz ilahi varlıq idi. 

İlk sözdən bir növ anlamaq olur ki, şeir ümumilikdə ilahi xarakter daşıyır. Uzun susqunluqdan sonra ‘Söz’ ilə başlamaq göstərir ki, söz dəyərdir və ehtiyyatla istifadə edilməlidir.   

Qara Qoç tullar səhayətə səni – Burada bir növ dinləyicini qaranlıq dünyaya dəvət edir. Çünki Məlikməmməd nağılından da bəllidir ki, yalnız qaranlıqla üzləşəndən sonra Məlikməmməd həqiqi özünə çevrilir. 

[2] Goreşən

Goreşən kəliməsi iki mənada işlənir. 

Mifoloji Məna – Göreşən qədim Azərbaycan inanclarına görə pişiyə bənzər amma başı insan başı kimi tüksüz əcaib bir məxluqdur. Qarnı üstündə sürünər, gecələr qəbirləri eşər, ölüləri narahat edər. 

goresen bestiari 300x150 1

Məişət Dilində – Göreşən ölmüş insanı soyan adamlara qəbir oğrularına deyilir. Qəbirləri açıb ölülərin qızıl dişlərini çıxarar ya üzüklərini oğurlayar. 

Misal Kazım, sənsən? Gecə vaxtı goreşən kimi qəbristanlıqda nə gəzirsən, baş-gözünü niyə sarıyıbsan? İ.Şıxlı.

***

Soyuq torpaqdan, fışqırır qan

Goreşənlər dəhşətə gəlir.

Şeirin bu bəndindən iki məna çıxarmaq olar :

Birinci Məna – o qədər qorxulu bir yaratıq gəlir ki, göreşənlər belə görüb qorxur. Gələn yaratığın nə qədər qorxulu olduğunu vurğulamaq üçün.

İkinci Məna –  Mən yox ikən mənim cəsədimi didənlər, mirasımı talayanlar dönüşümdən dəhşətə gəlir.

[3] Qobustan

Qobustan qədim daş dövrünə aid qayalar üzərinə həkk olunmuş 6000-dən çox rəsmin olduğu tarixi məkandır.

Qaya üstündə rəqs hərəkətə gəlir

Eləbil canlanır Qobustan

Burada söhbət Qobustdandakı qaya üstündə həkk olunmuş Yallı rəqsindən gedir.

qobustan 300x176 1

Qobustanın adı türk mənşəli söz olub, “Qobu” sözündən yaranmışdır. “Qobu” sözü çuxur, dərə mənalarını verir.

Bu Misrada istifadəsi aşağıdakı mənaya gəlir.

Şeirin bu bəndindən iki məna çıxarmaq olar :

Birinci Məna – Tarixi, vacib bir qayıdış baş verir. Qobustan canlanır – Özünə qayıdış, intibah

İkinci Məna –  Qobustan həm də çuxur, dərə, quyustan, qəbirstan kimi eyni mənşəli kökdən gəldiyindən həm də quyunun canlanması, qəbirin canlanması – ölünün dirilməsinə işarədir.

[4] Bütlər

Büt – Bütpərəst xalqların ibadət etdiyi tanrılaşdırdığı çox vaxt gildən, daşdan hazırlanmış tanrı fiqurlarına deyilir.

Silkələnib yerə düşür bütlər

Elə bil Ərəbistana gəlir İslam

Burada söhbət Kəbədən gedir. 7-ci əsrdə İslam gəlməmişdən öncə Kəbənin içində 300-ə yaxın büt var idi. İnsanlar bu heykəlcikləri Allah bilib onlara ibadət edirdilər.

but 300x248 1

İslamın Gəlişi ilə müsəlmanlar Kəbəni bütlərdən təmizləyir və Ərəbistanda Tək Allahlılığın əsası qoyulur. Rəvayətə görə Kəbənin fəth günü Peyğəmbər yerə tökülmüş bütlərə baxır və deyir:

“Haqq gəldi, batil yox oldu.”

Şeirin bu bəndindən belə bir məna çıxarmaq olar :

Sizin ibadət etdiyiniz, tanrılaşdırığınız daş dəyərlər, saxta tanrılar bir azdan yerə töküləcək. Ərəbistana İslamın gəlişi kimi bir intibah, dirçəliş dövrü gələcək.

[5] Pompey

Şirin Yuxusunda Pompey

Qədim Pompey (lat. Pompeii, it. Pompei) — Qədim Roma şəhəri. Şəhvət və azğınlıq içində olan bir şəhər idi. İnsanları varlı və təkəbbürlü kimi tanınırdı.

Eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri sakinləri ilə birlikdə bir gecənin içində vulkan və lavanın altında qalıb məhv olmuşdur. 

Karl Brullov The Last Day of Pompeii Google Art Project 1 1024x719 1

Rəsm əsəri – Pompeyin son günləri – Karl Brullov / Yağlı boya, kətan 1830–1833

[6] Freska

Xəbəri yox qopur divarlarındakı Freska

Freska Pompey şəhərinin divarlarında istifadə olunan rəsm, naxış çəkmə üslubudur. 

qaraqan 3 1024x661 1Şəkildə – Şir, Divar freskası və qazıntılar zamanı daşlaşmış şəhər sakinlərinin qalıqlarıdır. 

Şirin yuxusunda Pompey xəbəri yox qopur divarlarındakı Freska

Burada “şirin yuxu” sözü iki mənada işlədilib. İlkin mənası – Pompey şəhəri şirin bir yuxuda yatır və xəbəri yoxdur ki, birazdan yerlə yeksan olacaq. 

Ikinci mənada isə Pompey şəhəri “şir yuxusunda” yatır – Burada kinayə ilə bildirilir ki, Pompey şəhəri Şir kimi qüdrətli olduğunu sanır – həqiqətən də şəhər bir neçə yerdə Şir freskaları ilə bəzənmiş və Şir şəhərin simvoluna çevrilmişdi.

nationalmuseum neapel panther und schlange

Şəkildə – pompey freskası, Şirlə ilanın mübarizəsi

Şirlər gün ərzində 20 saat yatırlar burada bir növ bildirilir ki, heyvanların şahı kimi qürurlanan Pompey şəhəri uzun dərin yuxuya gedir. Şəhərin divarındakı freska bəzəkləri püskürməyə hazırlanan vulkanın gücündən yavaşca tərpənir və birazdan bütün şəhər məhv olacaq.

Dilimizdə şir yuxusuna getmək, fil qulağında yatmaq kimi ifadələr var. 

[7] MİŞLEN

Mişlen – orijinaldan Michelin. Fransız avtomobil təkəri şirkətidir. Amma 1900-cü ildən bu şirkət daha çox dünyada Restoranlara qiymət qoymasına görə tanınır. Mişlen şirkətinin xüsusi eksperti gizli şəkildə restoranlardan birinə gedir və menyudan bir yemək sifariş edir. Əgər yeməyi bəyənsə 3 ulduz sisteminə görə restoranı qiymətləndirə bilər. Restoranlar üçün bu böyük məsələdir çünki Mişlendən ulduzu alan restorana böyük axın olur və məşhurlaşır. Çox az restoran bu ulduzlara layiq görülür. 

qaraqan mislen 1 2 1024x339 1

Qaynatdığım dramın Mişleni 5 Star

Burada yenə şişirilmiş şəkildə sizə hazırladığım dramın – yəni mənəvi qidanın qiyməti Mişlenin 3 ulduzu yox 5 ulduzu qədər olacaq

[8] Ned Stark

Yeni nəsil qalıb başsız?  Ned stark

Ned Stark Məşhur Buz və Atəş Nəğməsi Kitabındakı Ned Stark adlı şaha istisnaddır.  Corc RR Martinin bu kitabı əsasına Taxtların Oyunu (Game of Thrones ) serialı çəkilib. Dünyada ən məşhur seriallardan biridir. Elə ilk bölümlərdən qəddar kral Cofrey ədalətli bəy Ned Starkın başını kəsdirir və kitab atanın ölümündən sonra yetim uşaqların hərəsinin öz taleyi haqqında danışır. Onlar ayrı-ayrı səpələnir və yalnız kitabın sonlarında birləşirlər. 

corc martin kitablari 2 1024x397 1

Burada bir növ atanın ölümü ilə yeni nəslin başsız qalmasına misaldır. Və növbəti misrada fikir tamamlanır. 

[9] Tesla

Məndən sizə miras “İşıq” və “Qısa Qapanma” dırsa məni çağır Tesla. 

Ölmüş atadan Miras olaraq sizə İşıqQısa Qapanma Albomları qalıbsa məni Tesla çağıra bilərsiniz. Bildiyiniz kimi, Nikola Teslanın insanlığa verdiyi iki ixtirası Elektrik və İşıqdır. Bunların Qısapapanma və İşıq albomlarının adları ilə bənzərliyindən istifadə olunub.

maraqli faktlar 2 1024x675 1

Şəkildə  – Nikola Tesla elektrik və işıq üzərində təcrübə aparır

[10] Main Stream

MainStream

Populyar musiqi, gündəmdə olan musiqi, incəsənət, trend. İkinci mənada isə çayın əsas cərəyanına deyilir. 

Bilmir hansı tərəfə axsın, donur mainstream

Çünki görür indi püskürəcək qeyzer

[11] Qeyzer

Bilmir hansı tərəfə axsın, donur mainstream

Çünki görür indi püskürəcək qeyzer

Qeyzer yeraltından püskürən qaynar suya deyilir. 

Mənası – yeraltından elə bir qeyzer püskürəsidir ki, bütün gündəm donub dəyişməyə hazırlaşır və trendlər, cərəyanlar bu qaynar su ilə ayaqlaşmalı olacaqlar.

Sadə desək – mən gündəmə yox, gündəm mənə uyğunlaşmalı olacaq.

[12] Arazı Kürdən

Arazı Kürdən

Birinci bənddən açıq bilinir ki, gətirilən mesaj insanları birləşdirməyəcək – Əksinə ayıracaq. 

Gətirdiyim sülh deyil ayrılıqdır.

Sülh bir növ iki tərəfin də ortaq bir fikirlə razılaşması nəticəsində yaranır. Ayrılıq isə kəskin şəkildə fərqləri qabardır və heç bir güzəştə getmir. 

Atanı oğuldan – dedikdə bu ayrılığın təkcə cəmiyyət deyil həm də nəsillər arası olmasına işarədir.

Ayırıram əti sümükdən –  ət sümükdən yalnız uzun müddət bişəndə ayrılır. Burada bir növ işarədir ki, gətirilən mesaj artıq illərdir ki bişir hazırlanır və yetişmiş halına çatıb.

Necə duz ayırır tikanı irindən – özgə olan tikan insan bədəninə girəndə həmən yer irinləyər və bədən ona yad olan tikanı itələyib içindən çıxarar. Duz bu hadisəyə yardım edir və özgə, yad olan cisimlərin bədəndən çıxarır. Burada QQ özünü duza bənzətməklə bildirir ki, ağrı və irinə səbəb olsam belə sizə yad olan fikirləri, dəyərləri içinizdən çıxaracam.

Necə duz ayırır tikanı irindən, ayırıram Arazı Kürdən

Suqovuşanda Araz və Kür çaylarının birləşdiyi yerdə açıq şəkildə suların fərqini görmək olur. Bu onların tərkibində olan duzlar və digər geoloji səbəblərdən yaranır və bir növ duz necə ki, tikanı irindən ayırar, necə ki Arazı Kürdən ayırar mən də ayrılıq gətirirəm. Bu söz oyunundan gələn məna odur ki, gətiridiyim həqiqət açıq şəkildə qalın xətt kimi yalanı doğrudan xeyiri şərdən ayıracaq. 

suqovusan kur və araz caylarinin birləsməsi azərbaycan 1 1024x395 1

Yadınıza salın – Nağıldakı balaca oğlan böyük qardaşın getdiyi bildirir. Xeyiri şərdən, yalanı doğrudan ayıran birinin olmadığından şikayətlənirdi. Bu misra həm də nağıldakı böyük qardaşın qayıtmasına işarədir.

[13] Küp

Küp

Su və digər mayelərin saxlanılması üçün qabdır. Küpü kasadan ayıran əsas fərqlərdən biri kasanın daha iri ağzı var amma daha dayazdır. Küpün ağzı daha kiçikdir amma daha dərindir. Küplər eləcə də qulplu ola bilir. Gildən, misdən və digər metallardan hazırlanır.

milli kasa və küp qablar tarix

[14] Buğdanı Düyüdən Ayırmaq

Buğdanı Düyüdən Ayırmaq

Azərbaycan frazeoloji birləşməsi olan “buğdanı qılçıqdan təmizləmək’’ cümləsi ilə mənalaşır. Bu ifadənin mənbəyi xristiyanların müqəddəs kitabı İncildən qaynaqlanır. Ziyanı xeyirdən, ağı qaradan ayırmaq mənasına gəlir. Qafiyə üçün burada düyü kəliməsindən istifadə olunub. İkinci mənada buğda ilə düyünü bir birindən ayırmaq çətin və əziyyətli işdir. Bir növ sizə yalanı və həqiqəti bircə bircə ayıracam mənası daşıyır.

[15] Balığı Kürüdən

Çürümüş balığı kürüdən ayıracam

Burada çürümüş balıq keçmiş nəsillərə xitabdır. Balıq başından çürüyər ifadəsi bildiyiniz kimi, hər hansı bir sahədə rüşvət, korrupsiya, ədalətsizlik, azğınlıq baş alanda deyilir. Belə bir mənaya gəlir ki, Başçılar azğınlaşır ki, bütün cəmiyyət azğınlaşır. Burada isə Çürümüş balığı kürüdən ayırmaq belə bir mənaya gəlir ki, artıq cəmiyyətin nə inki başı özü belə tamamilə çürüyüb. Ümid yalnız kürüyədir.

Kürü burada yeni nəsilin simvoludur. Necəki kürüdən yeni balıqlar çıxar eləcə də balıq ölsə də kürüsündə bir ümid, bir yeni həyat var.  Bu fikir Şəxsiyyəti sürüdən misrası ilə tamamlanır. Sürü burada düşünməyən cəmiyyətin, şəxsiyyət isə azad düşüncəsi olan insanların simvoludur.

[16] BABİL Gözünüzə Asar Bağlar

Babil gözünüzə asar bağlar

Qoca Babil burada simvolik məna daşıyır. Babil qədim şəhər olmaqla yanaşı həm də güclü dini mifoloji simvoldur. 

Babil şəhərinin dini mənada dünya nemətləri, insanlığın özünə vurğunluğu və azğınlığının simvoludur. Bunun mənbəyi əfsanəvi Babil qülləsi ilə bağlıdır. Bu qüllə Babilistanda tikilir və varlığı haqqında yəhudi, xristian, islam və başqa mənbələrdə rast gəlinir.

Əfsanəyə görə Babil şəhərinin sakinləri tanrıya çatmaq üçün hündür bir qüllə tikirlər. Və tanrı onların bu kibiri və qüruruna dərs olsun deyə qülləni məhv edir və insanları müxtəlif dillərə və xalqlara bölür ki, bir də belə qürurlanmasınlar. Allah olmaq fikrinə gəlməsinlər. Qoca Babil deyərkən QQ burada Babilin bitmədiyini və bu günkü gündə belə davam etdiyinə işarə verir. 

Qoca babil gözünüzə asar bağlar

Bu misra iki mənalıdır. Birinci Mənada Qoca Babil (materializm, dünya malı) gözünüzə bağlar, sarğılar asmaqla gözünüzü bağlayır sizi həqiqətə kor edir. Müasir Babil burada qloballaşma, müasirlik, media və əyləncə, sosial şəbəkələr ola bilər. Və gözünüzü bağlayır başınızı qatır, dünya malı ilə sizi şirinikləşdirir yoldan çıxarır. 

babil nedir 1024x643 1

İkinci məna isə misra tamamlananda əmələ gəlir. 

Qoca Babil gözünüzə asar bağlar amma torpağı cadar bağlar. 

Babilin asma baglari tarix (1)

Buradakı asar bağlar ifadəsindəki bağlar sözü sarğı deyil bağ bağça mənasında işlədilir. Bildiyiniz kimi Babil şəhərində olan Asma Bağlar dünyanın 7 möcüzəsindən biridir. Babilin Asma Bağlarını əfsanəyə görə hökmdar Navuxodonosor salır. Assuriyadan gələn sevgilisi Semiramida Babilə köçəndən sonra kədərlənir və Babilin tozlu çöllərində Assuriyanın bağ bağçalarına həsrət qadığını  bildirir. Bunu görən hökmdar əmr verir ki, gedib o yerlərdən ən münbit torpaqları ən gözəl çiçəkləri, ağacları yığıb gətirsinilə bir birinin üzərindən asılmış bağlar tiksinlər.  Beləliklə Babilin Asma bağları salınır. 

Ama torpağı cadar bağlar 

Bu sətirlərdə QQ Babilin gözümüzə bağladığı sarğıları bir vaxt Babilin Asma bağlarına bənzədir və bildirir ki, nə qədər gözəl olsa da bu bağçaların torpağı bizə yaddır – quruyar və üzəri cadar bağlayar. 

Necə ki, dünya malı, müasirlik və Babilin simasında bütün proqress əslində köksüzdür, torpağı qurudur və bağçaları sünidir. Nə qədər gözəl olsa da bu Asma bağların torpağı gec tez quruyacaq və bağlar məhv olacaq. 

[17] Kökü Gİllİ Qamışın

Basdırılan haqqa çatar bağırar kökü gilli qamışın – bax içimə içim yanar dağlar

İlk baxışdan mənasız və dağınıq görünən bu misrada iki əfsanənin mənaları gizlidir. 

Birinci əfsanə İskəndər ilə bağlıdır. Babili zəbt etmiş İskəndər şah taxtına oturur və saçlarını kəsdirmək üçün hər dəfə bir bərbər çağırır. Bərbərlər saçını kəsdikdən sonra edam edilir. Bir gün bir bərbər də onun saçını kəsəndə bu sirrin üstünü açır. Sən demə İskəndərin saçlarının arasında bir cüt buynuzu varmış. 

iskendername nizami xemse 1 1024x606 1

Bunu görən bərbər yalvar yaxar edir ki, İskəndər günahından keçsin onu öldürməsin. And içir ki, heç kəsə bu sirri deməyəcək. İskəndər mərhəmət edir və bərbəri buraxır. Azadlığa çıxan bərbər bilmir necə etsin ki, bu cür sirri gizli saxlasın, heç kəsə danışmasın. Axırda dözə bilmir və dərin bir quyu qazır – quyuya pıçıldayır. “İskəndərin buynuzu var, buynuzu” – sonra quyunu bağlayır.

Amma üstündən illər keçir və bir qamış toxumu gəlir bu torpağa düşür kök buraxır,  kökü uzanır uzanır gedir quyunun dibində gizlədilmiş bu sirrli həqiqətə çatır. Qamış həqiqəti bilir. Illər keçir və bu qamışı bir Çoban görür deyir, nə gözəl qamışdır bundan əla tütək düzəltmək olar. Qırır qamışı və ondan tütək qayırır. Elə tütəyi çalmağa başlayır ki, tütək möhkəm bir avazla oxuyur “İskəndərin buynuzu var, buynuzu” – beləcə quyunun dibində gizlədilmiş həqiqət bağırtı ilə bütün kəndə küçəyə yayılır. 

Basdırılan haqqa çatar bağırar kökü gilli qamışın – bax içimə içim yanar dağlar

Bu misrada göründüyü kimi QQ bir növ ölməklə torpaq altındakı gizli olan sirrlərə çatdığını və onu dünyaya bağıracağını bildirir. İçim yanar dağlar ifadəsi də buna işarədir ki, Yanar Dağ kimi alova yetişib və onu üzə çıxacaq. 

İkinci əfsanə isə Gilqamış ilə bağlıdır. Ən qədim eposlardan biri olan Şumer mixi yazılarında tapılan Gilqamış haqqında əfsanədə Gilqamış ölümsüzlüyün sirrini axtarır. Əfsanə boyu çətinliklərlə üzləşir ki, ölümsüzlüyün sirrini aça bilsin. Ölümsüzlük gülünü dərə bilsin. Bu mənada misraya baxdıqda 

mixi yazi gilqames

Basdırılan haqqa çatar bağırar kökü gilli qamışın – İfadəsində Gilqamışın haqqa çatması yəni ölümsüzlüyü tapmasının mümkünlüyü yalnız ölümdən sonra olacağına işarədir. Bir növ ölümdən qaçmaqla qurtula bilməzsən – əksinə ölümlə ölümsüzlüyə çatmış olursan. 

Sadə dildə 

Birinci məna – Həqiqəti nə qədər dibdə gizləsələr də bir gün bəyan olacaq

İkinci məna – Yalnız ölüb dirildikdə həqiqi ölümsüzlüyə çatırsan

Bu Misraya Nağıl ilə birlikdə baxdıqda məna tam aydın şəkildə açılır. Nağıda bildirilir ki, dörd ünsür birləşəndə Ruh əmələ gəlir. Ruha çevrilmək üçün torpaq mərhələsindən keçmək gərəkdir. 

[18] Kor Yapalaq

Kor Yapalaqlar

Hamı dam eşqinə düşə, qalxa ki başının üstü kor yapalaqlar

Kor yapalaq bayquşkimilər fəsiləsinə aid quşdur və digər adı dam yapalağıdır. Azərbaycan folklorunda dam yapalağı, kor yapalaq tənhalığa və ölümə işarədir. Bu misradan gələn məna Dam eşqinə düşərək biz yuxarı qalxırıq. Burada dam – karyera, uğur, zirvəyə qalxmaq, dama sahib olmaq ev yiyəsi olmaq mənası var. Lakin biz dünya nemətlərinə doğru qalxdıqca ən yüksəkdə, damın üzərində kor yapalağın oturduğundan bixəbərik. 

kor yapalaq 1024x643 1

Sadə mənası – uğura, var dövlətə doğru getdikcə tənhalaşar və ölərik. 

[19] 40 Otaq

40 Otaq

Ey qalibi bir divin lovğalanmağa yox vaxt, burda qırxmış otaqlar

Bu misranın açması olduqca sadədir. Bildiyiniz kimi Məlikməmməd nağılında qəhrəman divin quyusuna endikdə orada bir otağa daxil olur və orada görür ki, bir yekəpər div başını bir gözəlin ayağına qoyub yatır. Məlikməmməd üç gün üç gecə bu div ilə dalaşır vuruşur və ona qalib gəlir. Bir də görür ki, bu otağın içində daha bir qapı var və o qapının arxasında daha bir otaq və həmən otaqda daha bir div var. Beləcə Məlikməmməd 40 otağa daxil olur və hər birində bir div ilə dalaşmalı olur. 

melikmemmed ve div

Mənası – indiki qələbənizə sevinirsiniz amma xəbəriniz yoxdur ki, qarşıda bizləri daha çətin döyüşlər gözləyir. Sanki üstü örtülü şəkildə yaxınlaşan hansısa bir təhlükəyə işarə verir. 

40 ümumiyyətlə mistik rəqəmdir və bir çox Azərbaycan adətləri və miflərində rast gəlinir. 

[20] Ağıl

Ağıl

Necə xoş xoş köməklə AĞIL dolmaz ağa, hoş hoş deməklə

Burada Ağıl kəliməsi iki mənada işlənib.

Ağıl – ağıl (təfəkkür),

Ağıl – inəklərin, sürünün saxlanıldığı ağıl, axıl (tövlə)

Adətən ağıl külək keçirməz, isti bir yer olur, orada inəklər üçün su və saman qoyulur. 

Bu misranın mənası ikinci sətirdə daha aydın görünür.

[21] Sİrrlərİm Xəzİnələnİr

Necə xoş xoş köməklə ağıl dolmaz ağa, hoş hoş deməklə

Ona görə sənə dərmanı verəcəm yeməklə – gör necə sirrlərim xəzinələnir

Burada bildirilir ki, gətirdiyi biliyi xoş şəkildə heç kəs qavramaq istəməyəcək. Və “hoş hoş” deməklə yəni  məcbur etməklə də bu iş olmayacaq.  Ona görə dərmanı yeməyə qataraq vermək lazımdır ki, hər kəs həzm edə bilsin. Burada dərman deyərkən lazımlı xeyirli bilik, yemək deyərkən isə əyləncə, mahnı, mənəvi qida nəzərdə tutulur. Bir növ bu mənaya gəlir ki, məqsədim sizi sağaltmaqdır amma dərmanı içməyəcəksiniz deyə onu dadlı yeməyə qatacağam, başınızı aldatmalı olacağam. 

Gör necə sirrlərim xəzinələnir – yəni heç nə açıq şəkildə olmayacaq. Qurtum qurtum gizli gizli bildiriləcək. Həm də Nizaminin Sirrlər Xəzinəsinə xitabdır. Bir növ hər şeyin əvvəlcədən hazırlandığı və heç bir sözün yersiz, təsafdüfi olmayacağına işarədir. 

[22] Şəcərələnİr

Şəcərələnir

Kökünə kimi kəsilmiş ölü palıdınn yeni budağı şəcərələnir

Şəcərə ağacın budaqlarına, çayın qollarına deyilən sözdür. Eləcə də Nəsil şəcərəsi deyilən bir ifadə var. Atalar, övladlar və gələcək nəsillərin artmasına şəcərələnmək deyilir. Ölü palıdın şəcərələnməsi bir növ Qaraqanın ölüb dirilməsi amma həm də bu diriliş ilə ikinci dalğanın gəlişi, yeni nəsili formalaşdıracağına qol budaq salacağına işarədir. 

[23] Həncərİ

Həncəri

Balakən, Gədəbəy, Goranboy, Qazax, Şəki, Şəmkir, Tovuz və digər zonaların dialektidir. “Necə, nə cürə” kimi tərcümə olunur. 

Bu misrada dialektin işlənməsi təsadüfi deyil və sanki bildirilir ki, gələcək olan qədimi məxluqdur, xalqın qanından olan, arxaik, köklü və ibtidai dəhşətdir. 

Toz altındakı dastan, Qara Qoç [1] tullar səyahətə səni      

Yerin dibindən xırıldar vulkan, çatıbsa vaxt hərarətə zəmin

Soyuq torpaqdan, fışqırır qan, goreşənlər [2] dəhşətə gəlir      

Qaya üstündə rəqs hərəkətə gəlir, elə bil canlanır Qobustan [3]

Qövmü insan pozanda nizamı, çağırır şeytanı meydan

Bu nə ağır addım, de bu hansı heyvan, ki titrəyir aslan, addımından orman

Qaranlığa baxıb hürür itlər, cırıldayır qapalı kilidlər

Silkələnib yerə düşür bütlər [4] Elə bil Ərəbistana gəlir İslam

Şirin yuxsunda [5] Pompey xəbəri yox qopur divarlarındakı freska [6]

Qaynatdığım dramın Mişleni [7] beş star, yeni nəsil qalıb başsız?  Ned Stark [8]

Məndən sizə miras İşıq və Qısa Qapanmadırsa, Məni çağır Tesla [9] Məni çağır Meyster

Bilmir hansı tərəfə axsın donur Main Stream [10] Çünki görür indi püskürəcək qeyzer [11]

***

Hamı geriyə – diqqət diqqət

Hamı girsin evinə

Fövqəladə hadisə – təhlükə təhlükə

Təbbi fəlakət təhlükə təhlükə

***

Gətirdiyim sülh deyil ayrılıqdı, ayırıram atanı oğuldan əti sümükdən        

Necə duz ayırır tikanı irindən, ayırıram Arazı Kürdən [12]

Qulaqları pas, avazı küydən, necə Dulusçu yarır kasanı küpdən [13]

Ayırıram buğdanı düyüdən [14] çürümüş balığı kürüdən [15]

Şəxsiyyəti sürüdən

Qoca Babil gözünüzə asar bağlar [16] Amma torpağı cadar bağlar

Basdırılan haqqa çatar bağırar, kökü gilli qamışın [17] Bax içimə içim Yanar dağlar

Hamı dam eşqinə düşə qalxa ki başının üstü kor yapalaqlar [18]

Ey qalibi bir divin lovğalanmağa yox vaxt burda qırxmış otaqlar [19]

Necə xoş xoş köməklə ağıl [20] dolmaz ağa hoş hoş deməklə

Ona görə sənə dərmanı verəcəm yeməklə, gör necə sirrlərim xəzinələnir [21]

Kökünə kimi kəsilmiş ölü palıdın yeni budağı şəcərələnir [22]

Örtün qapıları pəncərələri, İri pəncəli gəlir, hanı həncəri [23] gəlir

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS