QARAQAN

Yetdimi?

08.12.23

Yetdimi mahnısında QQ az da olsa öz şəxsi həyatı haqda bilgi verir. Bu yeddi ildə nə iş görür, harada yaşayır – bunlar bu mahnıda işıqlanır. Çoxdan hazırlandığına baxmayaraq bu mahnı, Qaraqanın qayıdışından sonra yaranan bəzi suallara əvvəlcədən cavab verir. Nə üçün qayıtdı, nə məqsədlə getmişdi. Getdiyi müddətdə hansı nailiyyətləri olub, qayıtmağına səbəb nədir. Yetdimi mahnısı bir daha göstərir ki, hər şey öncədən hazırlanıb və bəlli hədəfə doğru bütün addımlar ölçülüb biçilib.

Bilmirəm yetdimi yeddi il sükutum millətin cəminə dərs

Dadı şirindi, amma doydurdumu ruhunu barı çayı-çərəz [1] 

Cahili toxtadan olarmı arifə bəs? Heç vaxt! 

İynəsi, bizi olmayan sözlər sırğaya dönməz, tökülər, qalar nə tozu, nə izi  [2] 

Yeddi il ruh tərk elədi bədəni, xoş oldu qafa dingildədi cism

Millətin kefi saz, amma sazı kef olduğu üçün inildədi içi

Yad daşın irinlərin içir

Özünəibadət məbədində hamı

Azıxdan qalan çənələr bağırdı ağız dolusu

Yeddi il mən idim hamınızın dinləyicisi  [3]  

Yellədi sizləri Qərb küləkləri 

Qərbin tam qəlbində mənim bir türküm belə tərpənmədi [4] 

Və satılmadı bəxşişlərə

Yeniləndim, amma dəyişmədim

Miami Downtown, 50-ci mərtəbədə yeganə dərviş mənim [5]

 

Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam

Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam

Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə

Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam [6]

 

Gəldim buralara görüm bizi gələcəyə aparan qatar gedir hara

Bəyaz dişlər, bəyaz gəmilərdə, bəyaz gözəllər qəlbləri zil qara

Zərləri, sil sürmələrini, Tix-Tox xanımın, bax pıspısadır qara [7]

Necə söyləmişdi Mövlana, sözü nübardı hər dövrana, bala  

İnsanlar gördüm əynində paltarı yox, paltarlar gördüm içində insanı yox [8]

Gözə görünməz qəfəsin altında elə bilir zindanı yox

Yüz qarın tox, bir sıfır quyruğa, penniyə stok, iki cet ilə üçbucağına Bermudun 

Gecə yaxta ilə geriyə — bu mənim “flow”m [9]

Xəyallarındakıların hamısına çatmışam, mənim yox diləklərim

Qayıdıram yenə külə dönə qəlbim, amma qızdıra o yaralı ürəkləri

Sınsa da belim ola dirəkləri — həqiqəti söylərəm ola diləkləri

Yandır üç lələyimdən birin: Qarğanı gətirə Bakı küləkləri [10]

 

Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam

Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam

Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə

Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam

[1]

Bilmirəm yetdimi yeddi il sükutum millətin cəminə dərs

Dadı şirindi, amma doydurdumu ruhunu barı çayı-çərəz

QQ bildirir ki, onun yazdıqları ruha xitab edirdi. Amma müasir adlandırılan bayağı mahnılar ruha qida deyil və onları çay, çərəz ilə müqayisə edib bildirir ki, dadı şirin olsa da belə incəsənətlə ruhun doymaz.

[2]

Cahili toxtadan olarmı arifə bəs? Heç vaxt! 

İynəsi, bizi olmayan sözlər sırğaya dönməz, tökülər, qalar nə tozu, nə izi

Burada bir daha vurğulanır ki, cahil və avam insanlara bəs edən bu bayağı musiqi arif, kamil insanları doydurmaz. 

İynəsi, bizi olmayan sözlər sırğaya dönməz, tökülər, qalar nə tozu, nə izi

Və əgər sözlərin iynəsi yoxdursa onlar sırğa olmaz. Burada Azərbaycanda məşhur olan bir deyim ilə əlaqəli söz oyunu var. 

“Sözümü sırğa elə, qulağından as”

Yəni ki, dediyim sözləri yaxşıca anla və unutma, qoy qulağında qalsın – əməl et. 

QQ bu deyimə əsaslanıb bildirir ki, iynəsi, bizi, kəsəri olmayan sözlər qulağda ilişib sırğa kimi qalmaz. Yəni ki, sözləri zəif olan bayağı, gəldi-gedər incəsənət sizi heç bir əmələ təhrik etməz. Dinləyərsiz keçərsiz. 

Amma ikinci mənada diqqət yetirsəniz İynəsi “Bizi” hissəsi iki mənada işlənib. Yəni Bizi olmayan sözlər, xalqın içindən olmayan sözlər, xarici musiqiyə oxşarlıq üçün bizə, mənliyimizə, Azərbaycana yad olan sözlər, heç vaxt sırğa olmaz, itib yox olar.

[3]

Yeddi il ruh tərk elədi bədəni, xoş oldu qafa dingildədi cism

Millətin kefi saz, amma sazı kef olduğu üçün inildədi içi

Yad daşın irinlərin içir

Özünəibadət məbədində hamı

Azıxdan qalan çənələr bağırdı ağız dolusu

Yeddi il mən idim hamınızın dinləyicisi 

Bu hissədə QQ bildirir ki, 7 il yoxluğunda olan mahnılar sadəcə yellətmək, dingildəmək üçün yazılırdı. Amma daha dərin mənada, xalqın mədəni mənəvi boşluqda olmasını bildirir. Çünki qafanın xoş olması həm şən olmaq amma həm də sərxoş olmaq mənasına gəlir. 

Millətin kefi saz, amma sazı kef olduğu üçün inildədi içi

Kefim sazdı – əhvalım yaxıdır deməkdir. Amma eləcə də Saz Azərbaycanın milli musiqi alətidir və aşıqlar tərəfindən çalınan saz iki məna daşıyır. Birincisi sadəcə musiqi aləti amma ikinci daha dərin anlamında Saz, Qopuz bir xalqın Tanrı ilə əlaqəsidir. Aşıq həm də “Aşiq” deməkdir – Aşıqlar xalqın dərdini söylər, Tanrıya eşqlərindən danışar, dastanları qoruyar, canlı kitabxana kimi millətin genetik yaddaşını götürər, elləri gəzər və insanları maarifləndirərdi. 

Burada QQ bildirir ki, kefi saz olmaq yaxşıdır. Amma sazı kef olmaq pisdir. Yəni xalqın dəyərləri, musiqisi sizə ləzzət edə bilər burada pis bir şey yoxdur. Amma musiqinin, mədəniyyətin təkcə işi kef olsa, Sazı ancaq kef üçün çalsaq onun əsas mənasını və missiyasını unutsaq içimiz inildəyər. Zavallı olarıq, ruhən çökərik və xalq olaraq zəifləyərik. 

Yad daşın irinlərin içir

Birinci mənada YADDAŞ – Bədənin ürəkdən uzaq hissələrinə barmaqlara, ayaqlara oksigen çatmayanda qanqren olar, çürüyər, irinləyər. Yaddaşımız çürüyür, tariximizi, özümüzü unuduruq ona görə də irinləyirik. Qaraqan burada kütlənin öz ruhundan aralanmasını çürüyən bədən hissəsinə bənzədir.  

İkinci Mənada YAD DAŞ – bədəndə irinləməyə ikinci səbəb yad bir şeyin bədənə girməsidir. Məsələn çöp, tikan – bədəndən olmayan hər hansı özgə cism irinləməyə səbəb olar. Yad daş burada bizdən olmayan, kalka, götürmə, oxşatma mədəniyyətlər, özgə dəyərlər nəzərdə tutulur. Yadınıza Bənövşə mahnısını salın “Mən daşı yox, onun sirrini gətirmişəm” – Burada da daş dəyərlərin simvolu kimi istifadə edilmişdi. 

Özünəibadət məbədində hamı

Burada QQ yad daşın nə olduğunu izah edir. Gündəmdəki Eqoizm, Özünü Tərifləmək, Pafos və Şəxsi mənfəəti – özünəibadət məbədi adlandırır. Və bu xüsusiyyətin bizim xalqa yad olduğunu bildirir. – Yad daş (Axı həm də daş ibadət edilən məbəd, Kəbə, büt, müqəddəslik simvoldurur) QQ bildirir ki, müasir dövrün daşı, məbədi  EQO – dur və özünə ibadət etməklə insanlıq məhv olar.  

Azıxdan qalan çənələr bağırdı ağız dolusu

Yeddi il mən idim hamınızın dinləyicisi 

Azıx və Ağız kəlimələri söz oyun olaraq işlədilib. Mənası isə belədir. Bildiyiniz kimi Azərbaycanda ən qədim insan sümükləri Azıx mağarasında tapılıb. Azıxdan qalan çənələr deyərkən QQ geridəqalmışlığı, primitivliyi bildirir. Yəni ki, ağıllılarımız susdu, harda avam, cahil, geridə qalmış varsa bu yeddi ildə gündəm oldu, susmadı, bağırdı. Ağız dolusu danışdı. Amma fikir verin, Qaraqan keçmişin cahilliyi ilə gələcəyin bayağılığı arasında bir daha xətt çəkir. Və bildirir ki, hər iki yol səhvdir. Söz mahnısını yadınıza salın “Ayıracam əti sümükdən, yalanı doğrudan”

Yeddi il mən idim hamınızın dinləyicisi 

Sonra 7 il qıraqdan susub hər kəsi dinlədiyini bildirir. Əvvəl siz məni dinləyirdiniz, indi mən susdub 7 il mən sizi dinlədim. Görüm mən susanda danışdığınız nədir, mən yox olanda etdiyiniz nədir, yol göstərməyəndə siz özünüz hansı yolu seçirsiniz. Buna isə cavabı artıq Bəyaz Dumanda verib. Ruhun getməsi ilə şəhəri duman bürüyər və ağı qaradan seçə bilməzlər.

[4]

Yellədi sizləri Qərb küləkləri 

Qərbin tam qəlbində mənim bir türküm belə tərpənmədi

QQ deyir ki, qərb küləkləri sizləri “yellədi” – iki mənada həm oynatdı, həm də yolunuzu yöntəminizi dəyişdi. Yelkənli qayıqlar necə ki, külək hara əsərsə ora da gedər, çünki daxili mühərriki yoxdur, onu hərəkətə gətirən öz gücü deyil xarici qüvvələrdir. Ruhunu, daxili mühərrikini itirən xalqlar, daha güclü xalqların təsirinə düşər küləkləri ilə yolunu dəyişər. 

Qərbin tam qəlbində mənim bir türküm belə tərpənmədi

Qərbin küləyi sizi minlərlə kilometr o yanda yellətdi, təsir altına saldı, yoldan çıxardı. Mən isə bu fırtınanın tam mərkəzində yaşayıram. (QQ illərdir ki, Amerikda Nyu-York, Miami və.s kimi ən mərkəzi şəhərlərdə yaşayır.) Amma bu Qərb küləyinin tam ortasında mənim bir tüküm belə tərpənmədi. Burada bir növ öz iradəsindən və köklərinin möhkəmliyindən danışır. Təsirə düşməməsini vurğulayır. Bir tüküm tərpənmədi – ifadəsi  isə hərf dəyişikliyi ilə “tü-r-küm” sözü ilə əvəz edilib. Qərb içimdəki türkü dəyişmədi. Həm də “türkü” mahnı növüdür,  burada da bildirir ki, bu dəyişikliklər mənim musiqimi dəyişmədi. Bildiyim dəyərlərdən ayırmadı.

[5]

Və satılmadı bəxşişlərə

Yeniləndim, amma dəyişmədim

Miami Downtown, 50-ci mərtəbədə yeganə dərviş mənim

Bəxşişlər deyərkən Qaraqan bir daha Babili nəzərdə tutur (bax. Canavarça) və onun təkliflərinə satılmadığını bildirir. Yeniləndiyini bildirir – bu da bir işarədir ki, bir çox yeniliklər olacaq və bu yavaş yavaş baş verəcək, mənəvi bağları dəyişmədən olacaq. 

Miami Downtown, 50-ci mərtəbədə yeganə dərviş mənim

Burada QQ ABŞ-da qazandığı uğurları, maddi vəziyyətini vurğulayır.  Miami dünyada ən bahalı şəhərlərdən biridir. Downtown – isə bir şəhərin ən zəngin, ən mərkəzi rayonuna deyilir. Lakin onun 50-ci mərtəbəsində belə Dərviş olduğunu bildirir. Öz ruhuna bağlılığını göstərir. 50-ci mərtəbə yeganə dərviş mənim. “Mənim” əski Azərbaycan ləhçəsi ilə “Mənəm” deməkdir. Bunu qəsdlə qədimi dildə deməklə bir daha müasirliyin son zirvəsində nə qədər qədim köklərə bağlı olduğunu bildirir. 

İkinci Mənası – Dərvişlər həm də quru çörək və sadə paltar ilə kifayətlənər və burada QQ bir daha göydələnin başında yaşasa belə minimalist olduğunu bildirir. 

Şöhrətə oruc tutmaq (ODGG) ən zəngin şəhərin göydələnində Dərviş olmaq (Yetdimi) Ruhani məqamda olmaq (Bənövşə) – Bütün yeni mahnılarda QQ yeniləndiyini və fərqli bir mənəvi halda olduğunu göstərir.

[6]

Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam

Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam

Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə

Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam

Göydələnlərin dumanıyam – dedikdə QQ qalxdığı uğur pilləsini göstərir. Göydələnlərin ən yüksək zirvələrini duman bürüyər. Mən bu dağın maralıyam (xalq mahnısı) – Göydələnin dumanıyam. Oxşar bənzətmədən istifadə olunub. 

Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam

Dənizin suyu buxarlanar göyə qalxar və buluda çevrilər sonra yağış olub yağar və dənizə qovuşar. Ruh öz dairəvi səyahətini başa vurar. QQ bildirir ki, dənizimdən buxarlandım amma bulud olub dünyanın tamam başqa bir yerinə yağdım. Və indi yerlə göy arasında, göydələnlərdə duman kimiyəm, ovçu məni vurma.

QQ bildirir ki, ümid yağışı, güman yağışı olduğumu bilirəm və bura yağmayacam – vətənimə yağacam. Yəni bir növ, içimdəki zənginliyi (yağışı, istedadı, ağılı və.s) xaricdəkilərə xərcləməyəcəm, öz torpağıma gətirəcəm. Özümüzə fayda verəcəm.

[7]

Gəldim buralara görüm bizi gələcəyə aparan qatar gedir hara

Bəyaz dişlər, bəyaz gəmilərdə, bəyaz gözəllər qəlbləri zil qara

Zərləri, sil sürmələrini, Tix-Tox xanımın, bax pıspısadır qara 

Gələcəyə aparan qatar  – Bildiyiniz kimi, əsrin əvvəllərində qatarlarda nə yazı var idi nə bir xəritə. Və insanlar günlərlə getdikləri bu qatarlarda bəzən çaşar, dayanacağı bilməz və tez tez dəyişən dəmir yollarına görə bəzən tamam başqa yerlərə gedib çıxardı. Və o zaman belə bir adət var idi. Hər ailədən, vaqondan bir nəfəri seçərdilər. Dili bilən (o vaxt Rus dili) savadlı birisini ki, getsin qatarın tam birinci vaqonuna. Orada sürücülərdən soruşsun hardayıq, hara gedirik. Qatarlar elə uzun və basırıq olurdu ki, bu adamın gedib gəlməyi bəzən bir saat çəkərdi. 

Qaraqan Qərbə köçməyini bu qatara bənzədir. Və gələcəyə getdiyimiz yolun ilk vaqonu Qərb olduğu üçün gəlib bura ki, bizlər üçün öyrənsin, hara gedirik, ümumiyyətlə doğru qatardayıq ya yox. 

Bəyaz dişlər, bəyaz gəmilərdə, bəyaz gözəllər qəlbləri zil qara

Burada QQ bildirir ki, kənardan bəyaz dişlər (xoşbəxtlik simvolu), bəyaz gəmilər ( zənginlik simvolu) bəyaz gözəllər (şöhrət, uğur simvolu) kimi görünən dəyərlərin qəlbləri qaradır.

Zərləri, sil sürmələrini, Tix-Tox xanımın, bax pıspısadır qara 

Burada da Azərbaycan cizgi filmi Tıx Tıx xanım ilə Tik-Tok məşhurlarını, blogger və modelləri müqayisə edir. Bildirir ki, çox da zərlərinə, parıltılarına uymayın belə ulduzların, bildiyiniz sıradan pıspısadırlar. Tıx Tıx xanım cizgi filmində adi pıspısa özünü bəzəyib gözəl kimi görünməyə çalışır. Sonda su üzünü yuyur və əsl siması üzə çıxır.

[8]

Necə söyləmişdi Mövlana, sözü nübardı hər dövrana, bala

“İnsanlar gördüm əynində paltarı yox, paltarlar gördüm içində insanı yox”

QQ bir daha sufiliyə üz tutur və bildirir ki, Mövlana Cəlaləddin Rumi əsrlər öncə dediyi bu cümlə hələ də dilimizə nübar kimidir. Nübar adətən yeni fəsil gələndə ilk yeyilən meyvəyə deyilir. Məsələn yay aylarında yediyiniz ilk çiyələk nübardı. 

“İnsanlar gördüm əynində paltarı yox, paltarlar gördüm içində insanı yox”

[9]

Gözə görünməz qəfəsin altında elə bilir zindanı yox

Yüz qarın tox, bir sıfır quyruğa, penniyə stok, iki cet ilə üçbucağına Bermudun 

Gecəyə yaxta ilə geriyə — bu mənim “flow”m

Gözə görünməz qəfəsin altında elə bilir zindanı yox

Burada QQ Gözə Görünməz Müharibəyə ( Canavarçadan) istinad edir. İnsanların müharibə əsiri olduqlarını bildirir amma savaşı görməzlər, qəfəslərini hiss etməzlər. 

Yüz qarın tox, bir sıfır quyruğa, penniyə stok, iki cet ilə üçbucağına Bermudun 

Gecəyə yaxta ilə geriyə — bu mənim “flow”m

Bu sətirlədrə isə QQ öz maddi vəziyyəti və uğurlarını bir daha vurğulayır. Diqqət edin, uzun müddət öncə yazılmış bu mahnıda artıq öncədən bilirdi ki, flow ilə bağlı tənqidlər gələcək. Hansı məqsədlə qayıtdığı suallar duracaq. Burada anlayırıq ki, QQ gündəm ilə bir oyun oynayır, dolayır. Əvvəlcə çox klassik öz orijinal tərzində qayıdır və öncədən bilir ki, bir çox insan bundan şikayətlənəcək, onu sevməyənlərin dilinə söz verəcək. Və bunu bilərəkdən edir. Yetdimi mahnısı kimi hər yeni tərz və formada qayıda bilərdi. Amma bununla axına qarşı çıxmayacaqdı və axına tabe olmuş olacaqdı. Yetdimi (adından da bəlli olararaq həm də 7-ci mahnı olaraq) sanki dinləyiciyə sual verir. Bəs elədi bu qədər? Bir daha öncədən hazırlanmış misra ilə bu illər niyə özünü inkişaf etdirməyib – sualına aydınlıq gətirir. Bu sualın çıxacağını əvvəldən bilərək.

Yüz qarın tox – Burada böyük biznes sahibi olmasına işarədir. Yəni bir çox insana maaş verir, çörək verir.

Bir sıfır quyruğa, penniyə stok – Adətən bir sıfırın artmağı ABŞ-da insanın zənginlik kateqoriyasının dəyişməsinə deyilir. Məsələn 5 sıfırlıq orta-üst təbəqə sayılırsa, 6 sıfırlıq milyonçu sayılır.  Penniyə Stock – isə Wall Street-lə əlaqəli termindir. Burada QQ investor, səhmdar olduğunu bildirir. Amma eləcə də penni qəpik deməkdir. Yəni səhmin biri bir qəpik və ya bahalı bir səhmi qəpik qiymətinə aldığı və indi qiymətin artdığına işarədir. Ümumilikdə isə belə nəticəyə gəlmək olar – pul məni narahat etmir.   

İki cet ilə üçbucağına Bermudun 

Gecəyə yaxta ilə geriyə — bu mənim “flow”m 

Burada da olduğu təbəqənin dəyişməsinə işarə verir. Cet və Yaxtanın gedişinə də ingilis dilində  “flow” deyilir (axın, yön).  Flow – su hanı deyənlərə bir cürə cavab verir ki, “flow”-um çox yaxşıdır, sadəcə sizin bildiyiniz mənada yox. Cet ilə gedib Yaxta ilə gəlirəm. – bütün bunların öncədən hazırlanması isə bir daha QQ-nın böyük oyun oynaması və gedişləri öncədən hesablamasına işarədir. 

Bermud üçbucağı isə Miami və Bermud adaları arasında yerləşdiyindən, QQ bildirir ki, bir çoxunun qorxduğu bu yerləri mən dəfələrlə gedib gəlirəm. 

Amma burada təkcə bu məna deyil ikinci mənaya da nəzər yetirin. Bermud üçbucağına düşən gəmilər və təyyarələr qeyb olur. Və QQ həm alleqoriya həm də həqiqətən Bermud üçbucağında yaşadığını bildirməklə bir növ qeyb olmağını da buna bağlayır. Tək söz deyil, həm də məna oyunu edir.

[10]

Xəyallarındakıların hamısına çatmışam, mənim yox diləklərim

Qayıdıram yenə külə dönə qəlbim, amma qızdıra o yaralı ürəkləri

QQ deyir ki, müasir dövr insanlarının xəyal etdikləri bütün zirvələrə çatmışam. Və artıq elə bir arzum diləyim yoxdur ki, ona görə yolumdan dönüm. Qayıtmağım mənim özümə ziyan olsa belə, yanıb külə dönsəm belə bunu bilərək, o ürəkləri qızdırmaq üçün qayıdacağam. 

Sınsa da belim ola dirəkləri — həqiqəti söylərəm ola diləkləri

Bir daha bu qayıdışın özü üçün xeyirli olmayacağını bildirir. Lakin əgər bu insanları həqiqətə gətirəcəksə – olsun. 

Yandır üç lələyimdən birin: Qarğanı gətirə Bakı küləkləri

Burada Məlikməmməd nağılına işarə var. Simurq quşu Məlikməmmədə üç lələyini verir və deyir ki, nə zaman yardıma ehtiyyacın olsa lələklərimdən birini yandır və sənin köməyinə gəlim. QQ eləcə də Qarğa ləqəbi ilə tanındığı üçün burada üç lələyimdən birini yandır deyir və beləcə Bakı küləkləri Qarğanı yardımına gətirsin. 

Bilmirəm yetdimi yeddi il sükutum millətin cəminə dərs

Dadı şirindi, amma doydurdumu ruhunu barı çayı-çərəz [1] 

Cahili toxtadan olarmı arifə bəs? Heç vaxt! 

İynəsi, bizi olmayan sözlər sırğaya dönməz, tökülər, qalar nə tozu, nə izi  [2] 

Yeddi il ruh tərk elədi bədəni, xoş oldu qafa dingildədi cism

Millətin kefi saz, amma sazı kef olduğu üçün inildədi içi

Yad daşın irinlərin içir

Özünəibadət məbədində hamı

Azıxdan qalan çənələr bağırdı ağız dolusu

Yeddi il mən idim hamınızın dinləyicisi  [3]  

Yellədi sizləri Qərb küləkləri 

Qərbin tam qəlbində mənim bir türküm belə tərpənmədi [4] 

Və satılmadı bəxşişlərə

Yeniləndim, amma dəyişmədim

Miami Downtown, 50-ci mərtəbədə yeganə dərviş mənim [5]

 

Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam

Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam

Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə

Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam [6]

 

Gəldim buralara görüm bizi gələcəyə aparan qatar gedir hara

Bəyaz dişlər, bəyaz gəmilərdə, bəyaz gözəllər qəlbləri zil qara

Zərləri, sil sürmələrini, Tix-Tox xanımın, bax pıspısadır qara [7]

Necə söyləmişdi Mövlana, sözü nübardı hər dövrana, bala  

İnsanlar gördüm əynində paltarı yox, paltarlar gördüm içində insanı yox [8]

Gözə görünməz qəfəsin altında elə bilir zindanı yox

Yüz qarın tox, bir sıfır quyruğa, penniyə stok, iki cet ilə üçbucağına Bermudun 

Gecə yaxta ilə geriyə — bu mənim “flow”m [9]

Xəyallarındakıların hamısına çatmışam, mənim yox diləklərim

Qayıdıram yenə külə dönə qəlbim, amma qızdıra o yaralı ürəkləri

Sınsa da belim ola dirəkləri — həqiqəti söylərəm ola diləkləri

Yandır üç lələyimdən birin: Qarğanı gətirə Bakı küləkləri [10]

 

Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam

Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam

Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə

Xalqıma çatdır naməmi, bilirəm onların ümidi, gümanıyam

SPOTİFY-DA QULAQ AS

APPLEMUSİC-DƏ QULAQ AS

Birinci Dərəcə

BİRİNCİ DƏRƏCƏ TOPLANDI

70.000 Nəfər

  • Birinci Dərəcə tamamlanıb amma son qəbulları edirik 100% 100%

Hələlik isə

SPOTİFY-da İzlə

Diqqət - Bir dəfə qoşulanların təkrar qoşulmasına ehtiyyac yoxdur.